Nazirlərin Suriya səfəri ləğv EDİLDİ

 19:26 27.03.2025     141

Almaniyanın daxili işlər naziri Nensi Fezer və avstriyalı həmkarı Gerhard Karnerin Suriyaya səfərləri təhlükəsizlik təhdidləri səbəbindən ləğv edilib.

Redaktor.az xəbər verir ki, nazir və nümayəndə heyətini İordaniyadan Dəməşqə aparmalı olan hərbi təyyarə geri qayıdıb.

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü qərarın konkret terror təhdidləri ilə əlaqədar olduğunu bildirib.

Səfər çərçivəsində keçid hökumətinin iki naziri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNICEF və Ümumdünya Ərzaq Proqramının nümayəndələri ilə görüşlər nəzərdə tutulurdu. Danışıqlarda qaçqınların geri qaytarılması və təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılırdı.

Suriyada təhlükəsizlik vəziyyətinin yenidən qiymətləndirilməsi Almaniyanın Dəməşqdəki səfirliyinin fəaliyyətinə də təsir edib. Səfirlik hələ məhdud rejimdə işlədiyindən konsulluq xidmətləri Beyrut vasitəsilə həyata keçirilir.