Baş nazir plagiatda ittiham olunur

Kanadanın Baş naziri və İngiltərə Bankının keçmiş rəhbəri Mark Karni Oksford Universitetində müdafiə etdiyi doktorluq dissertasiyasında plagiatda ittiham olunur.
Redaktor.az “The Telegraph”a istinadla xəbər verir ki, o, 1995-ci ildə Nuffield Kollecində iqtisadiyyat üzrə müdafiə etdiyi dissertasiyanın 10 hissəsinin digər mənbələrdən istinad olmadan köçürüldüyü iddiaları ilə üzləşib.
M. Karninin dissertasiyasından yayımlanan bəzi hissələrdə sitatlar, paraqraflar və ya cüzi dəyişikliklərlə təqdim edilmiş mətnlərin əvvəlki elmi işlərdən götürüldüyü, lakin lazımi şəkildə istinad edilmədiyi iddia edilir.
Britaniya Kolumbiyası Universitetindən Ceffri Siqalet bildirib: “O, mətnləri birbaşa sitat vermədən təkrarlayır. Bu, plagiatdır”.
Bildirilib ki, Karni iqtisadçı Maykl E.Porterin 1990-cı ildə nəşr etdirdiyi “Millətlərin rəqabət üstünlüyü” kitabından bəzi fikirləri öz adı ilə təqdim edib. O, sözügedən mənbəyə dissertasiyada bir neçə dəfə istinad etsə də, bəzi hallarda bunu etmədiyi iddia olunur. Mark Karni isə iddiaları rədd edib.