Rusiyada rus dilini bilməyən miqrant uşaqları məktəblərə qəbul edilməyəcək

Rusiyada miqrantların övladlarının məktəbə qəbul zamanı rus dilini məcburi bilməsi haqqında yeni qanun aprelin 1-dən qüvvəyə minəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqram kanalında məlumat verib.
"Rus dilini bilməyən miqrant övladları məktəblərə qəbul edilməyəcək. Onlar üçün ümumi təhsil müəssisəsinə daxil olarkən ölkəmizin ərazisində olmalarının qanuniliyinin, habelə rus dilini bilmə səviyyəsinin məcburi yoxlanılması tətbiq edilir", - o yazıb.
Bundan əlavə, Volodin aprelin 1-dən qüvvəyə minəcək daha iki qanunvericilik dəyişikliyindən danışıb. Bunlar arasında düşərgələrdə təhsilin vahid proqramının təkmilləşdirilməsi haqqında qanun, eləcə də ipoteka və avtomobil kreditləri üzrə limitlərin məhdudlaşdırılması haqqında qanun var.
"Təqvim planına valideyn günləri, uşaqları bədii əsərlərlə tanış etmək və vətənpərvərlik, zəhmətkeşlik, Vətən müdafiəçilərinin xatirəsinə ehtiram hissinin inkişafına yönəlmiş digər tədbirlər nəzərdə tutulur", - Volodin düşərgələrdəki dəyişikliklərdən danışaraq qeyd edib.
Turan İSMAYIL