ASEAN Myanma və Tailanda zəlzələyə görə yardım göstərəcək

 12:02 29.03.2025     161

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) Myanma və Tailandla həmrəyliyini bir daha təsdiqləyir və onlara humanitar yardım göstərmək üçün sıx əməkdaşlıq edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə regional bloka daxil olan ölkələrin xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, ASEAN-a üzv dövlətlər Myanmanın mərkəzində baş vermiş güclü zəlzələ ilə əlaqədar “Myanma və Tailand xalqına dərin hüznlə başsağlığı verirlər”.

"Fəlakət, xüsusilə Mandalay, Neypido, Banqkok, Çanqmay və ətraf ərazilərdə əhəmiyyətli insan itkisi, xəsarət və geniş dağıntılara səbəb oldu. ASEAN zəlzələdən və onun nəticələrindən zərər çəkmiş ailələr və icmalarla həmrəyliyini təsdiqləyir. ASEAN Fəlakət Logistika Sistemi və Myanma və Tailand tərəfindən müəyyən edilmiş prioritetlər əsasında şəhər axtarış və xilasetmə işlərinə dəstək verəcək”, - təşkilatın katibliyinin yaydığı bəyanatda deyilir.

ASEAN Xarici İşlər Nazirləri assosiasiyanın ASEAN Humanitar Yardım Koordinasiya Mərkəzi (AHCC) vasitəsilə humanitar yardım və dəstəyi koordinasiya etmək və vaxtında və effektiv humanitar reaksiyanı təmin etmək üçün sıx əməkdaşlıq edəcəyini vurğulayıblar.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, onun maqnitudası 8,2 olub. Zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçib, 2300-ə yaxın insan xəsarət alıb. Təbii fəlakət Tailandı da vurub, yeraltı təkanlar Çin və Vyetnamda hiss olunub.

Turan İSMAYIL