Netanyahu Şin Betə yeni rəhbər SEÇDİ

İsrailin Baş naziri Benyamin Netanyahu Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Eli Şarviti Şin Betin - Təhlükəsizlik Xidmətinin növbəti rəhbəri təyin etmək qərarına gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu yeddi uyğun namizədlə apardığı geniş müsahibələrdən sonra keçmiş donanma komandanı, ehtiyatda olan admiral Eli Şarviti Şin Betin növbəti direktoru təyin etmək qərarına gəlib”, - ofisin açıqlamasında deyilir.
Bildirilib ki, Şarvit 5 il donanma komandanı olmaqla 36 il hərbi xidmətdə olub.
"O, bu vəzifədə ərazi sularının dəniz müdafiə qüvvələrinin qurulmasına rəhbərlik edib və HAMAS, Hizbullah və İrana qarşı kompleks əməliyyatlar aparıb", - məlumatda qeyd edilib.
İsrail mediasının məlumatına görə, Baş nazir Benyamin Netanyahu tərəfindən növbəti Şin Bet rəhbəri təyin edilən Eli Şarvit əvvəllər hökumətin məhkəmə sistemində əsaslı dəyişiklik planlarına qarşı etirazlarda iştirak edib.
Həmçinin bildirilir ki, Şarvit ərəb dilini bilmir və heç vaxt Fələstin məsələlərinə qarışmayıb.
Netanyahu hökuməti daha əvvəl davam edən inamsızlıq səbəbini əsas gətirərək Şin Bet rəhbəri Ronen Barı martın 21-də istefaya göndərib.
İsrail Ali Məhkəməsi martın 21-də Nazirlər Kabinetinin Təhlükəsizlik Xidmətinin (Şin Bet) rəhbəri Ronen Barın vəzifəsindən azad edilməsi barədə qərarına müvəqqəti qadağa qoyub.
Məhkəmənin məlumatına görə, apellyasiya şikayətləri aprelin 8-dək təqdim olunana qədər dondurma qüvvədə olacaq.
Baş prokuror Qali Baharav-Miara martın 21-də çıxarılan qərardan dərhal sonra demişdi ki, Netanyahuya yeni Şin Bet rəhbəri təyin etmək qadağan edilib.
Netanyahu isə bildirib ki, daxili təhlükəsizlik agentliyinə kimin rəhbərlik edəcəyinə qərar vermək onun hökumətindən asılıdır.