Bursada servis qəzaya uğradı: 1 körpə öldü, 5 nəfər yaralandı

 16:27 01.04.2025     126

Bursada yağışlı hava şəraitində nəzarətdən çıxan servis avtomobili yol ortasındakı dirəyə çırpılıb. Hadisə nəticəsində eyni ailədən olan bir körpə həyatını itirib, 5 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, qəza, yerli vaxtla saat 13:00 radələrində Osmangazi rayonunda, Bursa-Yalova yolunda baş verib. Məlumata görə, Muharrem B. idarəsindəki servis minibüsü Yalova istiqamətində hərəkət edərkən yağışın təsiri ilə sürüşərək dirəyə çırpılıb.

Hadisə şahidləri dərhal yardıma qaçaraq 112 Təcili Yardım Xidmətinə məlumat veriblər. Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə qrupları göndərilib. İlk tibbi müdaxilədən sonra eyni ailədən olan biri körpə olmaqla 6 yaralı Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.

Ağır yaralanan Tuğsem Akşa adlı körpə həkimlərin bütün cəhdlərinə baxmayaraq həyatını itirib. Ailə üzvlərinin bir qohumlarının əsgər yola salma mərasiminə gedərkən qəza keçirdiyi bildirilir.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Kənan YUSİF