“Turkish Airlines” və “EgyptAir” Somalinin paytaxtına uçuşları DAYANDIRDI

 20:30 06.04.2025     139

İki böyük aviaşirkət – “Turkish Airlines” və “EgyptAir” təhlükəsizlik səbəbindən Somalinin paytaxtı Moqadişonun beynəlxalq hava limanına uçuşları müvəqqəti dayandırdıqlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Baidoa Online" portalı Somalinin federal hökumətinin xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Aprelin 6-da səhər saatlarında Moqadişodakı Aden Adde beynəlxalq hava limanı minaatanlardan atəşə tutulub. Portalın məlumatına görə, uçuş-enmə zolağında iki mərmi partlayıb və nəticədə hava limanının fəaliyyəti dayandırılıb. Afrika İttifaqının AUSSOM sülhməramlı kontingentinin komandanlığının, habelə xarici səfirliklərin və beynəlxalq humanitar agentliklərin ofislərinin yerləşdiyi aeroport ərazisində yerləşən Halane hərbi bazasına bir neçə mərmi düşüb.

Qeyd olunur ki, bir neçə kənd, xüsusən də aeroport yaxınlığındakı Kaavo Qodei də vurulub, bir neçə nəfər yaralanıb.

Hazırda hava limanında təhlükəsizlik işçilərinin təcili iclası keçirilir.

Xatırladaq ki, aprelin 5-də Moqadişoda Prezident Sarayı minaatanlardan atəşə tutulub. Qonşu məhəllələrin sakinləri xəsarət alıb. Bundan əvvəl ölkə Prezidenti Həsən Şeyx Mahmud Uqandaya səfərə gedib.