"Əgər ABŞ daşı ətəyindən töksə, qısa müddətdə stabilləşmə ola bilər"

Səhm və kripto bazarlarında vəziyyət necə olacaq? Biznes idarəçilik prinsiplərinin ABŞ-da dövlət idarəçiliyinə tətbiq edilməsindən sonra səhm bazarlarında ciddi bir enişlər gözlənilən idi. Bu hələ başlanğıcdır.
Hazırkı mərhələdə bu vəziyyət daha çox davranış iqtisadiyyatı çərçivəsində izah olunur. Qorxu, qeyri-müəyyənlik və sürü psixologiyası səhm bazarında yaranan təlaşı artırır. Belə vəziyyətlərdə bazar iştirakçıları riskli aktivlərdən uzaqlaşıb nağd pula və daha təhlükəsiz sayılan qızıla, eləcə də dah aetibarlı olan dövlət istiqrazlarına üz tuturlar.
Bəs proses nə qədər davam edə bilər?
Əgər gərginliklər artarsa, bu çöküş davam edə bilər, amma dalğavari. Bu isə daha çox ABŞ və qarşı ölkələr arasında bu gün davam edən və yaxın günlərdə aparılacaq müzakirələrin nətixəsindən çox asılı olacaq. Hazırda 50-dən çox ölkə ABŞ-dan daşı ətəyindən tökməyi xahiş edib.
Əgər ABŞ daşı ətəyindən töksə, qısa müddətdə stabilləşmə ola bilər, daha sonra itirilmiş dəyərlərin bərpası tədricən mümkündür. Lakin hazırkı şəraitdə bu real görünmür. Buna görə də digər böyük oyunçular da qlobal ticarətə dair proteksionist siyasətləri gücləndirə bilərlər. Bu zaman enişlər dərinləşə bilər.
Odur ki, bu situasiyada həm fürsət var, həm dərisk. Qısa müddətli dövr üçün risk bolluğu yaşansa da, uzunmüddətli dövr üçün fürsətlər yaranır. Bu baxımdan hazırda davranış iqtisadiyyatının “overreaction” (aşırı reaksiya) və “herd behavior” (sürü davranışı) elementləri müşahidə edilir. Belə vəziyyətə qorxu ilə reaksiya verənlər satış edəcək, amma rasional analiz edənlər üçün “alım fürsəti” yaranacaq.
Bir sözlə, hazırda panikaya qapıləb heç bir səhmi, hansısa digər qiymətli kağızı, eləcə də kriptovalyutanı satmaq doğru deyil. Amma almaq olar, lakin bütün vasaitlə deyil, ehtiyatla, hissə-hissə almaq daha məsləhətdir. Çünki enişin bir qədər də davam etməsi mümkündür. Lakin bütün hallarda eniş düzxətli yox,qısa müddətdə dalğalanmalar davam edə bilər.
Eldəniz Əmirov,
iqtisadçı ekspert