Ankarada Ruanda soyqırımı qurbanlarının xatirəsi ANILDI

Bu gün Ankarada Ruandanın Türkiyədəki səfiri Çarlz Kayonqanın ev sahibliyi ilə Ruanda soyqırımının 31 illiyini anma mərasimi keçirilib.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, mərasimə Türkyə Xarici İşlər Nazirliyinin Cənubi Afrika ölkələri üzrə əlaqələr departamentinin baş direktoru, səfir Volkan İşıqçı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Türkiyə rezident əlaqələndiricisi Babatunde Ahonsi, Türkiyədə fəaliyyət göstərən diplomatik korpusların təmsilçiləri, Ankarada yaşayan ruandalılar, soyqırımı qurbanları və çox sayda qonaq qatılıb.
Ruandanın Dövlət himninin oxunması ilə başlayan mərasimdə soyqırımda həyatını itirənlər üçün şamlar yandırılıb, faciədən bəhs edən videoçarx nümayiş olunub.
Səfir Kayonqa çıxışında 1994-cü il soyqırımını anmaq üçün dünyanın hər yerindən ruandalıların bir araya gəldiyini vurğulayıb.
O, soyqırımının dayandırılmasında əməyi olanlara təşəkkür edib və BMT-nin 7 aprel tarixini tutsilərə qarşı soyqırımı Beynəlxalq Anma Günü elan etdiyini xatırladıb.
Qeyd edək ki, bu gün Türkiyənin Xarici İşlər Nazirliyi də Ruandada baş verən soyqırımı ilə bağlı bəyanat yayıb. Bəyanatda 1994-cü ildə Ruandada tutsilərə qarşı törədilən soyqırımı "Bəşəriyyət tarixinin ən böyük faciələrindən biri” olaraq adlandırılaraq həyatını itirənlərin xatirəsi ehtiramla yad edilib, Ruanda xalqına başsağlığı verilib.
Xatırladaq ki, aprelin 7-də bəşər tarixinin ən qanlı hadisələrindən biri kimi qəbul edilən Ruanda soyqırımının 30 ili tamam olur. 1994-cü ilin aprel-iyul aylarında hutu hökumətinin əmri ilə silahlandırılmış qruplar tərəfindən əsasən tutsi etnik azlığının nümayəndələri olan təxminən 800 min insan kütləvi şəkildə qətlə yetirilib.