Tramp Pentaqonun rekord büdcəsini açıqladı

ABŞ Prezidenti Donald Tramp administrasiyasının 1 trilyon dollarlıq rekord müdafiə büdcəsi hazırladığını açıqlayıb.
Redaktor.az bu barədə Bloomberg nəşrinə istinadla məlumat verir.
Məlumata görə, Tramp bu bəyanatı bazar ertəsi, aprelin 7-də Ağ Evdə İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşü zamanı verib.
Tramp orduya çox diqqət ayırdıqlarını və müdafiə sahəsində böyük sərmayələrə ehtiyac duyulduğunu bildirib. “Biz çox qənaətcilik, lakin ordu bizim yaratmalı olduğumuz bir şeydir və biz güclü olmalıyıq”, - deyə o, qeyd edib. ABŞ Prezidenti əlavə edib ki, bu büdcə, “hərbiyə indiyə qədər ayrılan ən böyük büdcə” olacaq.
Pentaqon rəhbəri Pete Hegseth də bu rekord büdcəni açıqlayaraq, ABŞ silahlı qüvvələrinin sürətlə yenidən qurulduğunu və hər bir vergi ödəyicisinin dollarını səmərəli şəkildə xərcləməyi planlaşdırdıqlarını vurğulayıb.
Əvvəlki məlumatlara əsasən, CNN, Pentaqonun ABŞ ordusunun əhəmiyyətli dərəcədə ixtisar edilməsini nəzərdən keçirdiyini bildirmişdi. Lakin yeni büdcənin təsdiq edilməsi ilə ABŞ-nin hərbi qüvvələrinin gücləndirilməsi hədəfi daha da önə çıxır.
Aytəkin TOFİQQIZI