İstanbulda icazəsiz aksiyalara qatılan 819 nəfərə cinayət işi AÇILDI

 20:27 08.04.2025     190

Türkiyədə İstanbul Baş Prokurorluğu, İstanbul Böyükşəhər Bələdiyyəsinə yönəlik korrupsiya və terror istintaqları ilə bağlı keçirilən icazəsiz etiraz aksiyalarına qatılan 278-i həbsdə olmaqla, ümumilikdə 819 şübhəli barəsində cinayət işi qaldırıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və digər şəxslərə qarşı aparılan maliyyə və terror istintaqları çərçivəsində baş verən hadisələrin ardından İstanbulun müxtəlif yerlərində təşkil olunan qanunsuz toplantı və yürüşlərlə əlaqəli 20 ayrı istintaq başladılıb.

İstintaq nəticəsində 829 şübhəli müəyyən edilib, onlardan 819 nəfər barəsində Asliyə Cəza Məhkəmələrinə cinayət işi təqdim olunub. Həmin şəxslərdən 278-nin hazırda həbsdə olduğu bildirilib.

Açıqlamada həmçinin, 10 şübhəlinin qaçqın vəziyyətdə olduğu qeyd olunub.

Kənan YUSİF