Ağ Ev Maskın Trampın müşavirini təhqir etməsinə cavab verdi

Ağ Evin mətbuat katibi Karolin Levitt ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın ABŞ prezidentinin ticarət və istehsalat üzrə müşaviri Piter Navarronu “sadəcə axmaq” adlandıran sözlərini şərh edib.
Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.
"Mask və Navarro ticarət və tariflər haqqında çox fərqli baxışları olan iki insandır" - Levitt deyib.
"Oğlanlar həmişə oğlan olacaqlar və qoy onlar hər şeyi açıq şəkildə həll etməyə davam etsinlər" - Ağ Evin mətbuat katibi bildirib.
Levitt həmçinin bu vəziyyəti Tramp administrasiyasına “tarixin ən açıq administrasiyası” olduğuna görə təşəkkür etmək üçün səbəb adlandırıb.
Xatırladaq ki, daha əvvəl Mask "Tesla"nın elektrik avtomobil komponentlərinin əhəmiyyətli hissəsini xaricdən alması ilə bağlı açıqlamasına cavab olaraq X sosial şəbəkəsində ABŞ prezidentinin ticarət və istehsal üzrə müşaviri Piter Navarronu “sadəcə axmaq” adlandırmışdı.
Navarro daha əvvəl Maskın istehsalçı deyil, elektrik avtomobillərinin montajçısı olduğunu iddia etdiyi bir video yayımlamışdı. Onun sözlərinə görə, "Tesla"nın Texasdakı zavodunda istehsal olunan avtomobillər üçün çoxlu akkumulyatorlar Yaponiya və Çindən, elektronika isə Tayvandan alınır.
Turan İSMAYIL