Sosial mediada Minquzzinin qatillərinə haqq qazandıran 5 nəfər saxlanıldı

 22:53 10.04.2025     196

İstanbulun Kadıköy rayonunda 15 yaşlı Mattia Ahmet Minquzzinin bıçaqlanaraq qətlə yetirilməsindən sonra sosial mediada cinayəti törədən şəxsləri tərifləyən və ailəni təhdid edən 5 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir özünün sosial media hesabında açıqlama yayaraq bildirib ki, paylaşımlarda təhdid və cinayəti təqdir edən ifadələr yer alıb və bu səbəblə hüquq-mühafizə orqanları dərhal hərəkətə keçib.

Saxlanılanlar arasında 4 nəfər "suça sürüklənmiş uşaq" (SSÇ) statusundadır. Şübhəlilər – B.A., H.E.A., K.G., E.K. və A.S.D. İstanbul Asayiş Şöbə Müdirliyinə təhvil verilib.

Nazir Ali Yerlikaya həmçinin mərhumun anası Yasemin Minquzzi ilə telefonda danışdığını və ailənin dərdinə şərik olduğunu bildirib:

“Mattia Ahmet Minquzzi adlı övladımıza Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm".

Kənan YUSİF