HƏMAS-ın nümayəndə heyəti atəşkəslə bağlı Qahirəyə gedəcək

 16:05 11.04.2025     151

Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələri davam etdirmək üçün aprelin 12-də Misirə gələcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Onun mənbələrinə görə, hərəkatın nümayəndə heyətinə HƏMAS-ın Qəzzadakı lideri Xəlil əl-Heya başçılıq edəcək. Planlaşdırılan məsləhətləşmələr barədə əlavə məlumat verilməyib.

Nə HƏMAS, nə də Misir tərəfi Əl Hədəsin nəşrinə hələlik münasibət bildirməyib.

Aprelin 7-də “Al Araby Al Jadeed” qəzeti iddia edib ki, HƏMAS nümayəndə heyəti Misirin Qəzza zolağında atəşkəslə bağlı təklifini müzakirə etmək üçün “yaxın saatlarda” Qahirəyə gələcək, lakin danışıqların həmin vaxt baş tutub-tutmaması barədə məlumat yoxdur.

Öz növbəsində, HƏMAS-a yaxın olan Fələstinin "Maan" agentliyi cümə günü bildirib ki, Misir Qəzzada döyüşlərə son qoymaq üçün başqa bir təklif irəli sürüb. Qahirənin təşəbbüsü radikalların səkkiz və ya doqquz diri girovu, o cümlədən İsrail və ABŞ vətəndaşı Eden Alexander, həmçinin Fələstin anklavında ölən səkkiz girovun cəsədini təhvil verməsini nəzərdə tutur. İsrail, Misirin planına görə, ömürlük həbs cəzası çəkən 150 ərəb də daxil olmaqla, bir neçə yüz fələstinli məhbusu azad etməlidir.

50 gün davam edəcək bu müddət ərzində Qəzza əhalisinə humanitar yardımın çatdırılması bərpa olunacaq. Hərbi əməliyyatların dayandırılmasını və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını nəzərdə tutan sazişin ikinci mərhələsi üzrə münaqişə tərəfləri arasında dolayı danışıqların bərpasını təmin etmək üçün atəşkəs müddəti 70 günə qədər uzadıla bilər.

"Maan" hesab edir ki, İsrail Misirin son layihəsini "qəbul etməyə yaxındır". HƏMAS-ın bu plana münasibəti hələlik məlum deyil.

Turan İSMAYIL