Kiyev Türkiyədə Rusiya ilə görüşün keçiriləcəyini təkzib etdi - KİV

 23:14 13.04.2025     156

Ukraynanın xarici işlər naziri Andriy Sibiha aprelin 15-i və 16-da Türkiyədə keçiriləcəyi deyilən Qara dənizdə təhlükəsizlik üzrə Rusiya ilə danışıqların planlaşdırılmadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TSN-in aparıcısı Alla Mazur bildirib.

“Andriy Sibiha deyir ki, belə bir şey (Ankarada görüş – red.) planlaşdırılmayıb”, – jurnalist vurğulayıb.

Daha əvvəl “CNN Türk” Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazmışdı ki, 15-16 aprel tarixlərində Ankarada Hərbi Dəniz Qüvvələri komandanlığının qərargahında Qara dənizdə sülhün qorunması məsələsi ilə bağlı Rusiya və Ukrayna nümayəndələrinin görüşü keçiriləcək.

Bununla yanaşı, “TRT Haber” görüşdə müəyyən xarici dövlətlərin “hərbi nümayəndələrinin” də iştirak etməli edəcəklərini bildirmişdi.

Qara dənizdə atəşkəs məsələsi ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında mart ayının ortalarında baş tutmuş telefon danışığından bəri müzakirə olunur. Hələlik tərəflər heç bir konkret məsələdə razılığa gəlməyiblər.