Türkiyədə bir qadın sahibsiz itlərdən qaçarkən həyatını İTİRDİ

Türkiyənin Şanlıurfa-Mardin yolu üzərində yerləşən Harran Universitetinin Osmanbəy kampusu qarşısında sahibsiz küçə itlərindən qaçan universitet tələbəsi avtomobilin vurması nəticəsində dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, iddiaya görə, gecə saatlarında avtobusdan enən 3 qız yoldaş, qarşı tərəfdəki yataqxanaya getmək istədikləri vaxt sahibsiz itlərin hücumuna məruz qalıblar. Can qorxusuyla yola çıxan 27 yaşlı Sevda Özkaya, sürücüsü və nömrəsi məlum olmayan avtomobil tərəfindən vurulub və ağır yaralanıb.
Harran Universiteti Tibb Fakültəsi Xəstəxanasına çatdırılan gənc qızıa göstərilən tibbi yardımlara baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Şırnakdan Şanlıurfaya təhsil almaq üçün gəldiyi bildirilən Özkayanın Harran Universitetinin Riyaziyyat fakültəsinin sonuncu kurs tələbəsi olduğu qeyd olunub. Onun cənazəsi Şanlıurfa Məhkəmə-Tibb Morguna aparılıb və ailəsinə təhvil verilib. Hadisə ilə bağlı istintaq başladılıb.
Kənan YUSİF