ABŞ İranın nüvə obyektlərinə zərbə endirə BİLƏR

Vaşinqton lazım gələrsə, İrana qarşı sərt davranmağa hazırdır və digər məsələlərlə yanaşı, Tehranın nüvə obyektlərinin məhv edilməsini də nəzərdən keçirir.
Redaktor.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Salvador Prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə deyib.
"Bu, çox sadədir. Onların (İran - red.) nüvə silahı ola bilməz və onlar (ABŞ ilə danışıqlarda - red.) tez hərəkət etməlidirlər. Əgər çox sərt bir şey etməliyiksə, biz bunu edəcəyik", - Tramp bildirib.
Ondan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmaması soruşulub. Tramp "Əlbəttə", - cavab verib.
Xatırladaq ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndə heyətlərinin görüşü keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.