Xidmətdə olarkən halı pisləşən polis şəhid OLDU

Türkiyənin Antalya şəhərində xidmət başında halı pisləşən polis əməkdaşı Esat Koyuncu, aparıldığı xəstəxanada şəhid olub.
Redaktor.az xəbər verir ki, məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşıb.
Nazir açıqlamasında, “Antalya Konyaaltı İlçe Emniyet Müdürlüğü” nəzdində xidmət göstərən polis əməkdaşı Esat Koyuncunun, vəzifəsi başında keçirdiyi qəfil narahatlıq səbəbilə xəstəxanaya yerləşdirildiyini, lakin bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyini bildirib.
Ali Yerlikaya: “Şəhidimizə Allahdan rəhmət, ailəsinə, qəhrəman polis təşkilatımıza və millətimizə başsağlığı diləyirəm. Şəhidimizin məqamı uca olsun”, - deyə paylaşımında qeyd edib.
Kənan YUSİF