Makron Trampın xüsusi nümayəndəsi ilə görüşəcək

 09:22 16.04.2025     73

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparmaq üçün bu həftənin sonunda Parisə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilib ki, Vitkoffun əsas məqsədi Ukrayna və Qəzzadakı münaqişələrə son qoymaq istiqamətində müzakirələr aparmaqdır.

Makron və Vitkoff arasında keçiriləcək görüşdə yalnız Ukrayna müharibəsi deyil, həmçinin Yaxın Şərqdəki vəziyyət, İranla münasibətlər və Trampın yeni ticarət tarifləri ilə bağlı siyasət də müzakirə olunacaq.

ABŞ dövlət katibi Marko Rubio da Fransaya səfər edəcək. O, Fransa xarici işlər naziri Jan Noel Barrotla görüşəcək.

Qeyd edək ki, aprelin 11-də Vitkoff Rusiya prezidenti Vladimir Putinlə Sankt-Peterburqda 4,5 saatlıq görüş keçirib. Vitkoffun sözlərinə görə, Putin bu görüşdə ABŞ-dən daimi sülhün təmin olunmasını istəyib.

Aytəkin TOFİQQIZI