Müharibədə həlak olan soydaşımız həbsxanadan orduya yollanıbmış - YENİLƏNİB

 15:55 17.04.2025     494

Rusiya-Ukrayna müharibədə həlak olan Hüseyn İsayev həbsxanadan orduya yollanıbmış.

Redaktor.az-ın teleqraf.az-a istinadla məlumatına görə, o, 1993-cü ildə anadan olub.

Ailədə iki qardaş, iki bacı olublar. Evin sonbeşiyi olan H.İsayev ailə həyatı qurmayıb. Onun atası Zəlövşan İsayev 15 ilə yaxındır ki, Rusiyanın Tula vilayətində yaşayırmış. O, bir neçə il sonra ailəsini də öz yanına aparıb. Hüseyn Tulada atasının bir neçə obyektinə nəzarət edir, icarə haqqı toplayırmış.

Bazarda bir nəfər dəfələrlə Hüseyn İsayevi təhqir edib, hətta bir dəfə başını da yarıbmış. Bu davalar bir neçə dəfə təkrarlanıb. Hüseyn isə təhqirlərə, zorakılığa dözə bilməyərək onu bıçaqla qətlə yetirib. Məhkəmə Hüseyn İsayevi uzunmüddətli həbs cəzasına məhkum edib.

Hüseynin qarşısına müharibədə vuruşmaq müqabilində cəzadan azad olunmaq vəd edilib. O da müharibəni seçərək həbsdən buraxılıb. Rusiya ordusunun tərkibində təlimlərdə iştirak edib. Hüseyn İsayev təlim zamanı - hələ müharibəyə qoşulmağa imkan tapmadan Rusiya ərazisində Ukrayna ordusunun dron hücumu nəticəsində həlak olub.

Mərhum aprelin 16-da Bolnisi rayonunun Arıxlı kəndində dəfn edilib.

13:45

***

Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini Hüseyn İsayev Rusiya-Ukrayna müharibəsində həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

H.İsayev Rusiya ordusunun sıralarında döyüşürdü.