Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini 46%-ə qaldırdı

 22:07 17.04.2025     170

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini aprel ayında əvvəlki aya olan 42,5%-dən 46%-ə qaldırıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə tənzimləyicinin pul siyasəti komitəsinin iclasının yekunlarına dair hesabatında qeyd olunub.

Mart ayında Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 45%-dən 250 bənd endirdi. Əksər analitiklər məzənnənin dəyişməz qalacağını gözləyirdilər.

Mərkəzi Bankın press-relizində qeyd edildiyi kimi, uçot dərəcəsinin 350 baza bəndi artırılması qərarı maliyyə bazarlarında baş verən dalğalanmalar fonunda aprelin sonuna baza inflyasiyanın gözlənilən artımı ilə əlaqədar qəbul edilib. "İnflyasiya gözləntiləri və qiymət davranışı dezinflyasiya prosesinə risklər yaratmaqda davam edir. İnflyasiyanın davamlı azalmasına nail olunana və qiymət sabitliyi təmin olunana qədər sərt pul siyasəti davam etdiriləcək", - mətndə deyilir. Türkiyədə mart ayında inflyasiya illik müqayisədə 38,10% təşkil edib.

Martın 19-dan müxalif İstanbul meri Əkrəm İmamoğlu korrupsiya və terrorla əlaqədə ittiham olunaraq həbs olunduqdan sonra Türkiyə bazarlarında təlatüm hökm sürür. “Sözcü” qəzetinin iqtisadi icmalında qeyd edildiyi kimi, Türkiyə Mərkəzi Bankının bu müddət ərzində itkiləri 45 milyard dolları keçə bilər.

2023-cü ilin iyun ayında Türkiyə Mərkəzi Bankı iki ildən artıq müddətdə ilk dəfə əsas faiz dərəcəsini 8,5%-dən 15%-ə qaldırdı, bundan sonra keçən ilin mart ayına qədər mütəmadi olaraq yuxarıya yenidən baxdı. Bunun ardınca tənzimləyici hökumətin sərt maliyyə siyasətinin bir hissəsi olaraq səkkiz ay ardıcıl olaraq dərəcəsini dəyişməyərək 50% səviyyəsində saxladı. 2024-cü ilin dekabrında Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 47,5%-ə endirib.

Turan İSMAYIL