İstanbul zəlzələsi zamanı Özbəkistan vətəndaşı qorxudan öldü

İstanbulda yaşayan Özbəkistan vətəndaşı zəlzələdən qorxaraq ürək çatışmazlığından vəfat edib.
Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Türkiyədəki Baş Konsulluğunun mətbuat xidməti məlumat yayıb.
“İlkin məlumata görə, bu faciəvi hadisə İstanbulda baş verən zəlzələ zamanı sonuncu mərtəbədə olan vətəndaşın həddindən artıq qorxu vəziyyətinə düşməsi nəticəsində baş verib”, - deyə məlumatda bildirilir.
Baş Konsulluq əlavə edib ki, idarə tərəfindən mərhumun cənazəsinin Özbəkistana göndərilməsi üçün lazımi konsulluq, hüquqi və təşkilati tədbirlər görülür. Diplomatik şöbə mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, ötən gün Türkiyənin İstanbul şəhərində ard-arda bir neçə güclü zəlzələ baş verib. AFAD-ın məlumatına görə, ən güclüsü 6,2 bal gücündə olub. Yeraltı təkanlar hətta episentrdən 300 kilometr aralıda, Ankarada hiss olunub. Həmçinin fövqəladə hallar xidmətlərinin yüksək xəbərdarlıq rejiminə keçdiyi bildirilib.
Bu fonda seysmoloqlar Celal Şengör və Naci Görür şəhərə yaxınlaşan “böyük zəlzələ” barədə xəbərdarlıq edərək, səlahiyyətliləri buna hazırlaşmağa çağırıblar.
Onu da qeyd edək ki, zəlzələ zamanı 100-dən çox insan xəsarət alıb. Onların əksəriyyəti özünü qorxudan eyvandan yerə atanlardır.
Turan İSMAYIL