İstanbulda zəlzələdə zərər görən 2 bina təxliyə EDİLDİ

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra Bahçelievler və Esenler rayonlarında zərər görən 2 bina təhlükəsizlik məqsədilə təxliyə olunub.
Redaktor.az xəbər verir ki, Bahçelievler rayonunun Şirinevler məhəlləsində yerləşən 5 mərtəbəli binanın zəlzələdən sonra qonşu binadan aralanaraq arada boşluq yarandığı bildirilib. Binanın altındakı dükanın qarşısında 1-ci mərtəbənin eyvanını saxlayan dəmirin əyildiyi müşahidə edilib.
Sakinlər binanın ikinci mərtəbəsində sütunlarda çatlar olduğunu bələdiyyəyə bildiriblər. Əraziyə gələn polis əməkdaşları binanın ətrafına lent çəkərək təhlükəsizlik tədbiri görüblər.
İlkin qiymətləndirmədən sonra bina boşaldılıb, təxliyə olunan 30-a yaxın sakin bələdiyyə tərəfindən otellərə yerləşdirilib.
Son qərarın Çevrə, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin araşdırmasından sonra veriləcəyi bildirilib.
Kənan YUSİF