Trampla təkbətək çox şeyi müzakirə etdik - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşünün təfərrüatını açıqlayıb. O, görüşü “çox simvolik” adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə V.Zelenski “Telegram” səhifəsində yazıb.
"Yaxşı görüş oldu. Biz təkbətək çox şey müzakirə edə bildik. Biz deyilənlərin hamısından nəticəyə ümid edirik. Xalqımızın həyatının qorunması. Tam və qeyd-şərtsiz atəşkəs. Müharibənin təkrarlanmasından qoruyacaq etibarlı və davamlı sülh", - deyə Zelenski bildirib.
Zelenski daha sonra qeyd edib: "Ümumi nəticələr əldə etsək, bunun tarixi olmaq potensialı var. Təşəkkür edirəm, Prezident Donald Tramp!"
Qeyd edək ki, aprelin 26-da Vatikanda aprelin 21-də vəfat edən Papa Fransiskin dəfn mərasimi keçirilib. Mərasimdə minlərlə dindar və 50-yə yaxın dünya lideri iştirak edib. Tədbirdə fevralın 28-də Ağ Evdə baş verən mübahisədən sonra ilk dəfə Zelenski ilə Tramp arasında şəxsi görüş keçirilib.