İranda partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırıldı

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.
Redaktor.az xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Momeni bildirib.
Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb.
"Tasnim" partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir.
Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.
***
İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb.
Redaktor.az xəbər verir ki, bunu Hörmüzqan vilayətinin Limanlar və Dəniz Təşkilatının rəis müavini İsmayıl Makizadə deyib.
“Yanğının söndürülməsi üçün qüvvələrin daha çox cəmlənməsinə ehtiyacı nəzərə alınaraq, təhlükəsizlik məqsədilə bütün liman və dəniz əməliyyatları dayandırılıb”, - o bildirib.
Qeyd edək ki, bu gün günorta saatlarında Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində dörd nəfər ölüb, 500-dən çox insan yaralanıb. İran hökumətinin sözçüsü Fatemeh Mohacerani deyib ki, hadisə kimyəvi anbarda baş verib. Lakin konkret səbəb açıqlanmayıb.