Britaniyalı siyasətçi miqrasiya məsələsində Obama kimi olmaq istəyir

 10:20 28.04.2025     139

Britaniyalı sağçı populist siyasətçi və “Reform UK” partiyasının lideri Naycel Faraj, miqrasiya məsələsində ABŞ-nin keçmiş Prezidenti Barak Obamanın yolunu davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, "Daily Mail"də dərc olunan məqaləsində “Növbəti baş nazir olsam, Barak Obama kimi baş deportator olacağam” başlığı altında öz mövqeyini bildirib.

Siyasətçi Obama dövründə 2009-2017-ci illər arasında 3 milyon insanın deportasiya olunduğunu və bu səbəbdən “baş deportator” adını qazandığını xatırladıb. Siyasətçi, Böyük Britaniyanın son illərdə miqrasiya qanunlarını tətbiq etməkdə çətinlik çəkdiyini və sərhədlərinin qorunmadığını vurğulayıb.

Faraj “Reform UK” partiyasının qeyri-qanuni miqrantları deportasiya etmək üçün konkret strategiya hazırladığını bildirib. Əgər baş nazir olarsa, ölkədə sıfır tolerantlıq siyasəti tətbiq edəcəyini açıqlayıb.

Oksford Universitetinin alimlərinin hesablamalarına görə, 2024-cü ildə Böyük Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birinci olacaq, bu rəqəm təxminən 745 minə çatacaq. Bu, Fransadakı qeyri-qanuni miqrantlardan iki dəfə çoxdur.

Aytəkin TOFİQQIZI