Suriyanın keçmiş prezidenti Hafiz Əsədin meyitinin qalıqları oğurlandı

Sosial şəbəkələrdə Suriyanın keçmiş prezidenti Hafiz Əsədin meyitinin qalıqlarının ekshumasiyasını əks etdirən video yayılıb.
Redaktor.az xəbər verir ki, “X” sosial şəbəkəsində naməlum şəxslərin meyitin qalıqlarını başqa yerə apardıqları barədə məlumatlar da yayılıb.
“Syria TV”nin məlumatına görə, naməlum şəxslərin qəbri qazdıqlarını əks etdirən daha bir video aprelin 17-də sosial şəbəkədə yayılıb. Onların Latakiya əyalətindəki silahlı qruplaşmalarla əlaqəli olması ehtimal edilir.
“Ynet” yazır ki, qalıqları ekshumasiya edənlər Hafiz Əsədin oğlu - keçmiş prezident Bəşər Əsədin tərəfdarları ola bilər və onlar bu addımı qalıqları təhqir olunmaqdan qorumaq məqsədilə atıblar.
Əsədlər ailəsinin məqbərəsi Suriyanın Latakiya şəhərində yerləşir. Hafiz Əsədin böyük oğlu və Bəşər Əsədin qardaşı Basil də orada dəfn edilib. Dekabrda Bəşər Əsədin prezident vəzifəsindən istefa verməsindən bir neçə gün sonra naməlum şəxslər məqbərəni yandırıblar.