Ərdoğan Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı vizyonunu dəstəkləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla “telefon diplomatiyası” apardığını və onun Ukrayna münaqişəsinin həlli ilə bağlı baxışını dəstəklədiyini bildirib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, İtaliyadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən Türkiyə lideri qeyd edib ki, o, Trampla vaxtaşırı telefonla danışır.
Ərdoğan yeni dövrdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlərin tamamilə fərqli bir təkan alacağına əminliyini ifadə edib.
"Biz də onun xüsusilə Rusiya və Ukrayna arasında sülhə dair baxışını dəstəkləyirik. Onun Türkiyənin həssaslığını nəzərə alan mövqeyini alqışlayırıq", - Türkiyə lideri bildirib.
Ərdoğan həmçinin Trampla Suriyadakı vəziyyətlə bağlı dialoqlarda qarşılıqlı anlaşmaya işarə edərək, iki liderin fərqli düşündüyü sahələrdə ağlabatan əsaslarla barışıq axtarışlarının davam edəcəyini bildirib.
Turan İSMAYIL