Zelenski 76 nəfərə qarşı sanksiya tətbiq ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski 76 nəfərə qarşı sanksiya tətbiq edildiyini göstərən fərman imzalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Zelenskinin ofisinin saytında dərc edilmiş fərmanın mətnində deyilir.
“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mayın 1-də “Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında” qərarı qüvvəyə minsin”, - fərmanda bildirilir.
Barəsində sanksiya tətbiq edilən şəxslərin siyahısına Zelenskinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç, “Rosatom” dövlət nüvə enerji korporasiyasının baş direktoru Aleksey Lixaçev, Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun oğlu Aleksey Azarov, rusiyalı siyasətçi, Bratsk şəhərinin keçmiş meri Sergey Serebrennikov da salınıb.
Sanksiyalar eyni zamanda Ukraynanın dövlət mükafatlarından məhrum edilməni, ölkədəki aktivlərin bloklanmasını, lisenziyaların ləğvini, rəsmi səfərləri, əqli mülkiyyət obyektlərinin başqasına verilməsinə qadağa qoyulmasını, ticarət müqavilələrinə, mədəni mübadilələrə, elmi əməkdaşlığa xitam verilməsini nəzərdə tutur.