Avropa Rusiya-Ukrayna müharibəsinə son qoymalıdır - Rubio

ABŞ dövlət katibi Mark Rubio Vaşinqtonda Fransanın xarici işlər naziri Jan-Noel Barrot ilə görüşüb. Tərəflər Rusiya-Ukrayna müharibəsi, İran və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
Qeyd olunub ki, Rubio ABŞ prezidenti Donald Trampın Ukraynada mənasız qan tökülməsinə son qoymağa sadiq olduğunu açıq şəkildə ifadə edib və ABŞ-nin davamlı sülhü təmin etmək üçün Fransa və digər Avropa tərəfdaşları ilə yaxından işləməyə sadiqliyini bir daha təsdiqləyib:
“Avropa bu müharibəyə son qoymaq üçün real resurslar və siyasi iradə ilə addım atmalıdır”, - o, dövlət katibinin sözlərindən sitat gətirib.
Bəyanatda deyilir ki, tərəflər, həmçinin Qəzzada bütün girovların azad edilməsi üçün diplomatik səyləri müzakirə ediblər, həmçinin İranın nüvə proqramının inkişaf etdirməsinin qarşısını almaq üçün birgə öhdəliklərini təsdiqləyiblər.