"Tramp Ukraynaya hərbi yardımı davam etdirmək məcburiyyətindədir"

 00:18 02.05.2025     86

"ABŞ ilə Ukrayna arasında imzalanan və qısa adı “resurs anlaşması” olan sənədə müxtəlif şərhlər verilir. Bir qismi bu anlaşmanın Ukraynanın zərərinə, digərləri xeyrinə olduğunu vurğulayır. Fikrimcə, həqiqət hardasa bu iki yanaşmanın ortasındadır. Hər halda yeni anlaşmanın şərtləri ilə tanış olduqda, bu sazişin əvvəlkindən Ukrayna üçün daha münasib olduğu qənaətinə gəlmək olar. Tramp administrasiyasının əvvəl təklif etdiyi sazişdə Ukraynanın resurslarının tamamı Amerikanın nəzarətinə keçirdi və resursların istifadəsindən Amerikaya borcun qaytarılması nəzərdə tutulurdu".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, yeni sazişin mətnində Ukrayna üçün bu ağır bəndlər yoxdur:

"Tramp Ukraynanın Amerikaya 500 milyard dollar borcunun olduğunu iddia edirdi. Halbuki, bu rəqəm xeyli şişirdilib. Buna görə də Ukrayna Prezidenti Volodimir Zelenki havadan götürülən borcla razılaşmadı və Vaşinqtonun təzyiqinə baxmayaraq, saziş üzərində işin davam etdirilməsini lazım bildi və ortaya yeni saziş sənədi çıxdı.
 
Yeni sazişin praktik necə həyata keçiriləcəyi də sual altındadır. Birincisi, Ukraynanın böyük yeraltı resurslara malik olması barədə səhih məlumat yoxdur. İkincisi, Ukraynanın əsas yeraltı resursları işğal altındakı ərazilərdədir, bu halda ABŞ-la Ukrayna həmin resursları necə istismar edəcəklər? Üçüncüsü, resursların istismarı üçün müharibə ya başa çatmalı, ya da uzun müddətli atəşkəs elan edilməlidir. Rusiya isə istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır. 

Buna baxmayaraq, yeni razılaşmanın Ukrayna üçün müsbət tərəfləri də var. Bu saziş ABŞ-ın Ukraynanın işğal edilməyən ərazisinə təhlükəsizlik təminatı verməsi anlamına gəlir. Çünki, ABŞ bundan sonra Ukraynanın yeraltı resurslarını öz resursları kimi qorumalıdır. Bundan başqa Tramp sazişdən çıxış edərək Ukraynaya hərbi yardımı davam etdirmək məcburiyyətindədir. Kiyevə elə bu lazımdır ki, Vaşinqton Ukraynaya hərbi yardımı dayandırmasın.
 
Top Rusiyanın meydanındadır. Bundan sonra Tramp Zelenskiyə deyil, Rusiya Prezidenti Vladimir Putinə təzyiq etməlidir. Çünki, müharibə dayanmadan ABŞ şirkətlərinin Ukraynada çalışması çətindir. Ancaq müharibə bitmədən ABŞ-ın bir neçə şirkəti Ukrayna ərazisində fəaliyyətə başlayarsa, bu dəfə Putinin işi çətinləşəcək. Çünki, Rusiya Ukraynadakı hədəflərini vurarkən, raketlərdən hər hansı biri ABŞ-ın çalışmağa başladığı məntəqəyə dəyərsə, Moskva artıq qarşısında ABŞ-ni görəcək".

Vasif ƏLİHÜSEYN