Ukrayna məsələsində fundamental səviyyədə heç nə dəyişməyib

 10:34 02.05.2025     157

ABŞ və beynəlxalq ictimaiyyətin Ukrayna məsələsindəki mövqeyi ilə bağlı son xəbərlər bir sıra dəyişikliklərə işarə etsə də, əslində fundamental səviyyədə heç nə dəyişməyib.

Redaktor.az bu barədə "Politico" nəşrinə istinadla məlumat verir.

ABŞ Dövlət Departamentinin vasitəçilikdən çəkildiyini bəyan etməsi və “The New York Times”ın Zelenskinin Trampdan əvvəl reabilitasiya olunması ilə bağlı yazısı da bu reallığı dəyişmir.

Zelenskinin reputasiyasının bərpa olunması və Trampın onunla bağlı mövqeyində yumşalma olduğu iddia edilsə də, bu, hələ konkret siyasi nəticələrlə müşayiət olunmayıb. Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerin cəhdləri, NYT-nin qeyd etdiyi kimi, müəyyən diplomatik dəstək xarakteri daşıyır, lakin bu da yeni bir mərhələ başlandığını göstərmir.

Eyni zamanda ABŞ-nin vasitəçi rolundan imtinası, əksinə, proseslərin daha da mürəkkəbləşəcəyinə işarə edir. Dövlət Departamentinin “artıq iki tərəf özü dialoq qurmalıdır” açıqlaması, Vaşinqtonun məsuliyyəti üzərindən atmaq cəhdindən başqa bir şey deyil.

Bir sözlə, baş verənlərə baxmayaraq, Ukrayna ətrafında geosiyasi vəziyyət və əsas oyunçuların yanaşmaları dəyişməyib. Zelenskinin Trampla münasibətlərində, Ukrayna böhranının həllində və beynəlxalq diplomatiyada reallıq hələ də əvvəlki kimi qalır.

Aytəkin TOFİQQIZI