Tramp üçüncü prezident müddətinə namizədliyini irəli sürməyi planlaşdırmır

 21:30 04.05.2025     106

ABŞ Prezidenti Donald Tramp ən yüksək dövlət vəzifəsinə üçüncü dəfə yenidən seçilmək niyyətində olmadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına müsahibəsində bildirib.

“Mən [ümumilikdə] səkkiz il, iki müddət prezident olacağam. Bunu həmişə çox vacib hesab etmişəm”, – Tramp söyləyib.

O əlavə edib ki, tərəfdarları onu müntəzəm olaraq gələcəkdə üçüncü müddətə namizədliyini irəli sürməyə dilə tuturlar, lakin o bunu etmək niyyətində deyil.

“Bir çox insan “Tramp 2028” [yazılı] papaqlar satır. Lakin mən bunu etmək niyyətində deyiləm. Mən dörd möhtəşəm ili işləyib bunu başqa birinə, ideal olaraq böyük bir respublikaçıya ötürəcəyəm”, – Amerika lideri qeyd edib.

1951-ci ildə qəbul edilmiş Amerika konstitusiyasına 22-ci düzəlişə əsasən, eyni şəxs dövlət başçısı vəzifəsinə iki dəfədən çox seçilə bilməz. ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Bununla yanaşı, əvvəllər Tramp üçüncü müddətə namizədliyini irəli sürmək imkanını istisna etməyib və mətbuatda Ağ ev sahibinin Ədliyyə Nazirliyinə 2028-ci ildə prezident seçkilərində potensial iştirakının qanuniliyini araşdırmağı tapşırdığı barədə məlumatlar yayılıb.