Çexiya Ukraynaya 500 min iriçaplı mərmi göndərdi

Çexiya 2025-ci ilin ilk dörd ayında döyüş sursatlarıyla bağlı təşəbbüs çərçivəsində Ukraynaya 500 minə yaxın iriçaplı artilleriya mərmisi göndərib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Petr Fiala Praqada Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu günə olan duruma görə, bu il Ukraynaya sursat təşəbbüsü çərçivəsində yarım milyona yaxın iriçaplı artilleriya mərmisi göndərilib. Düşünürəm ki, bu təşəbbüs çərçivəsində bu il üçün nəzərdə tutulan plan yerinə yetiriləcək”, - o deyib.
Xatırladaq ki, mayın 4-də Zelenski ilə danışıqlardan sonra Çexiya Prezidenti Petr Pavel mətbuat konfransında 2025-ci ildə sursat təşəbbüsü çərçivəsində Ukraynaya təxminən 1,8 milyon ədəd iriçaplı artilleriya mərmisinin çatdırılmasının planlaşdırıldığını açıqlamışdı.
Qeyd edək ki, Çexiya rəhbərliyinin təklifi ilə 2024-cü ilin yazından “Çexiyanın döyüş sursatı təşəbbüsü” çərçivəsində bir sıra Qərb ölkələrinin maliyyə iştirakı ilə üçüncü ölkələrdə əsasən iriçaplı artilleriya mərmilərinin toplanması aparılır və sonradan Ukrayna Silahlı Qüvvələrinə göndərilir. Çexiya Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ildə 1,5 milyondan çox artilleriya mərmisi yığılaraq Ukraynaya göndərilib.