Qəzzada bugünkü zərbələr nəticəsində 40-dan çox insan həlak olub - KİV

İsrailin hava hücumları nəticəsində bu gün Qəzza zolağında 40-dan çox insan həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin verdiyi məlumata görə, bombardmanların qurbanlarının sayı hazırda 45 nəfərə çatıb. Öz növbəsində Fələstinin HƏMAS hərəkatına bağlı “Qüds” portalı Qəzza şəhərinin qərb ərazilərinə endirilən zərbələrdən biri nəticəsində azı 15 fələstinlinin həlak olduğunu bildirib.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək yanvarda yaradılmış atəşkəs rejimini pozub. İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi bunu Fələstinin radikal HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edərək, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasına görə bütün məsuliyyətin İsrail və ABŞ-ın üzərinə düşdüyünü açıqlayıb.