İlon Mask OpenAI-yə qarşı məhkəmə iddiasını davam etdirəcək

Amerikalı milyarder İlon Mask OpenAI və onun baş direktoru Sem Altmana qarşı hüquqi mübarizəsini davam etdirmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə biznesmenin vəkili Mark Toberoff Reuters agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, OpenAI-nin kommersiyalaşdırma planlarından geri çəkilməsi Maskın məhkəmə iddiasından imtina etməsi üçün əsas deyil.
Toberoff qeyd edib ki, İlon Mask üçün bu məsələ prinsipial xarakter daşıyır: “OpenAI qeyri-kommersiya təşkilatı kimi təsis olunub və elə də qalmalı idi”. Vəkilin sözlərinə görə, bu prinsiplərə zidd hərəkətlər Maskın irəli sürdüyü iddiaların əsasını təşkil edir.
OpenAI bu yaxınlarda planlaşdırılan restrukturizasiyadan imtina etdiyini açıqlasa da, Maskın vəkili “heç nə dəyişməyib” deyə bildirib və məhkəmə prosesinin 2026-cı ilin martında andlılar məhkəməsində keçiriləcəyini xatırladıb.
Xatırladaq ki, İlon Mask OpenAI-nin təsisçilərindən biri olub, lakin 2018-ci ildə direktorlar şurasından ayrılıb. 2024-cü ilin avqustunda o, şirkət və Sem Altmana qarşı iddia qaldıraraq, OpenAI-nin ilkin missiyasına – “bəşəriyyətin rifahı üçün təhlükəsiz və açıq süni intellekt” yaratmaq məqsədinə xəyanət etdiyini iddia edib.
Aytəkin TOFİQQIZI