"ABŞ və İran arasında nüvə sazişi imzalana bilər" - Politoloq

 15:13 06.05.2025     132

"ABŞ və İran arasında nüvə danışıqlarının 4-cü raundu keçiriləcək. Son üç raundu uğurlu danışıqlar prosesində keçirildiyi qeyd edilir. Məhz əvvəlki illərdə olduğu kimi, ABŞ Altılıq formatında deyil, ikili danışıqlara üstünlük verməklə, Tehranla birbaşa anlaşmada maraqlıdır. Çünki, İranla danışıqlarda öz maraqlarının təmin edilməsinə çalışır. Həmçinin Rusiya, Çin və Avropanı kənarda saxlamaqla beynəlxalq güc olduğunu nümayiş etdirir. Aparılan danışıqlara rəğmən Ağ Ev Irana qarşı sanksiyaları qüvvədə saxlayır. Hərbi amilin daima masada olduğunu vurğulayır. Bu,Tehranı güzəştə məcbur etməkdir. Əgər, İran danışıqları uzadrasa, anlaşmaya getməsə, D. Tramp İrana qarşı hərbi əməliyyatlara əmr verə bilər. Burada ABŞ İran anlaşmasını poza bilən İsrail faktoru var".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloqun sözlərinə görə, İsrail Baş naziri Binyamin Netanyahu İrana qarşı hərbi əməliyyatları istisna etmir:

"Bu, Vaşinqtonu narahat etsə də, bir növ İranı güzəştə getməyi məcbur etmək üçün Netanyahunun bu açıqlaması Trampın maraqlarına cavab verir. Netanyahu birbaşa İrana qarşı hərbi əməliyyatlara başlayarsa, bu, Trampın İsrailə qarşı sərt tədbirlər görməsinə gətirib çıxara bilər. Xüsusilə, İsrailə dəstəyi geri çəkməklə, B. Netanyahunun siyasi iflasına və onun həbsinə gətirib çıxara bilər.

ABŞ İranla təkcə nüvə proqramı ilə deyil, Yaxın Şərqdə proksi qüvvələrdən dəstəyi buraxmağı tələb edir. İran isə, Suriyada Kürdlərə ABŞ dəstək verməsini tələb edir. Bununla Türkiyənin Suriyada rolunu zəifləməyi hədəfləyir. Proseslərin bu istiqamətdə inkişafı regionda maraqlar toqquşmasına gətirib çıxarıb. İran ABŞ -la danışıqlarında Türkiyə faktorundan imtina etməyib.

ABŞ İranla danışıqlarında Türkiyə əleyhinə anlaşmaya getməyəcək. Proseslər ABŞ İran anlaşmasına gətirib çıxarması mümkün görünür".

Vasif ƏLİHÜSEYN