Avtobusdan 233 kiloqram narkotik vasitə aşkarlandı

 22:00 06.05.2025     74

Türkiyənin Edirne vilayətində yerləşən Kapıkule sərhəd-keçid məntəqəsində bir sərnişin avtobusunda aparılan axtarış zamanı 233 kiloqram 988 qram narkotik vasitə – esrar aşkar olunaraq götürülüb.

Redaktor.az xəbər verir ki, Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən Türkiyəyə daxil olan şübhəli avtobus əvvəlcə Avtomobil Altı Nəzarət Sistemi ilə yoxlanılıb, daha sonra isə rentgen cihazına yönləndirilib.

Təhlükəli zona kimi müəyyən edilən sahələrdə narkotik axtarış itinin dəstəyi ilə aparılan araşdırmada, avtobusun palçıq saxlama hissəsi və mühərrik bölməsində gizlədilmiş 200 şəffaf vakumlu paketdə esrar tapılıb.

Avtobus sürücüsü saxlanılıb və gömrükdəki ilkin prosedurlardan sonra məhkəmənin qərarı ilə həbs olunub.

Kənan YUSİF