Aİ Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir

 23:28 06.05.2025     103

Qrenlandiyanın gələcəyi ilə bağlı istənilən qərarları onun xalqı qəbul etməlidir.

Redaktor.az xəbər verir ki, bunu Avropa Parlamentində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.

“Dünya nizamını qorumanın yeganə yolu suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə tam hörmətlə yanaşmaqdır. Məhz buna görə Aİ Danimarka və Qrenlandiyanı tam dəstəkləyir və hər iki tərəflə mövqelərini uzlaşdırır”, – Aİ-nin baş diplomatı bildirib.

O, Qrenlandiyanın muxtar ərazi statusuna əsaslanan Aİ-Qrenlandiya münasibətlərinin qədim tarixə malik olduğunu xatırladıb.

“Əslində, Qrenlandiya ilə əməkdaşlıq Aİ-nin beynəlxalq tərəfdaşları arasında ən yüksək səviyyədədir – hökumət büdcəsinin təxminən 4 %-i. Aİ bu qarşılıqlı faydalı və dəyərlərə əsaslanan tərəfdaşlığa investisiya yatırmağa davam edəcək”, – Kallas əlavə edib.

O vurğulayıb ki, Qrenlandiya Arktikada Aİ-nin geostrateji prioritetləri baxımından getdikcə daha əhəmiyyətli olur. Onun sözlərinə görə, qlobal təhlükəsizlik dinamikasının dəyişməsi fonunda Arktikada hərbi fəaliyyətə diqqət artıb.

“Birbaşa hərbi təhdid olmasa da, ikili məqsədli fəaliyyətlər, iqtisadi təhlükəsizlik problemləri və sualtı kabellərə qarşı diversiyalar kontekstində ayıq olmaq son dərəcə vacibdir. Təhlükəsizliklə bağlı istənilən məsələ ciddiyə alınmalıdır”, – Aİ-nin baş diplomatı qeyd edib. 

Kallas əlavə edib ki, Aİ-nin məqsədi regionda sabitliyi qorumaq və sülhə əsaslanan əməkdaşlığa töhfə verməkdir.