Rusiya ilə ABŞ arasında əlaqələr bərpa olunur - Zaxarova

 09:37 07.05.2025     154

Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası prosesi davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr çətin şəraitdə olsa da, müxtəlif istiqamətlərdə, xüsusilə səfirliklərin fəaliyyətinin normallaşdırılması sahəsində irəliləyiş müşahidə olunur.

“Bu əlaqələr bərpa olunur. Əgər onların əvvəlki vəziyyətini – tamamilə dağıdılmış vəziyyəti nəzərə alsaq, bu prosesin asan olmadığını başa düşmək olar”, – deyə Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, diplomatik məsləhətləşmələrin tonunu Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio müəyyənləşdiriblər. Eyni zamanda, parlamentlərarası əlaqələrin də genişləndiyini, rusiyalı senatorların amerikalı həmkarları ilə əlaqə saxladığını vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da iki ölkə arasında diplomatik əlaqələrin inkişafına dair müsbət siqnallar verdiyini bildirmişdi. O, ABŞ-nin Moskvadakı səfiri Lin Treysiyə 9 May Qələbə Paradına dəvət göndərildiyini və onun iştirakının paraddan əvvəl açıqlanacağını qeyd edib.

Aytəkin TOFİQQIZI