ABŞ artıq Səudiyyə Ərəbistanına İsraillə əlaqələri normallaşdırmaq üçün təzyiq göstərmir

ABŞ artıq Səudiyyə Ərəbistanının nüvə proqramının qurulmasına kömək etmək üçün bir şərt olaraq Səudiyyə Ərəbistanından İsraillə münasibətləri normallaşdırmağı tələb etmir.
Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Agentlik vurğulayır ki, belə bir tələbin ləğvi Vaşinqton tərəfindən “böyük güzəşt” olardı. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyms Hevitt öz növbəsində "Reuters" agentliyinə bildirib ki, ABŞ administrasiyası bu cür bəyanatları spekulyasiya hesab edir və vurğulayır ki, ABŞ Prezidenti Donald Tramp “elan ediləcək bir şey olanda” müvafiq bəyanatla çıxış edəcək.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin son gərginləşməsindən əvvəl İsrail hakimiyyəti Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq istəklərindən dəfələrlə danışıb. 2023-cü ilin sentyabrında yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının sessiyasında tərəflərin diplomatik münasibətlər qurmağa yaxınlaşdıqlarını bəyan etdi. Bundan bir gün əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi "Fox News" telekanalına müsahibəsində də oxşar bəyanatla çıxış etmişdi.
Birləşmiş Ştatlar iki Yaxın Şərq ölkəsi arasında diplomatik əlaqələr qurmaq üçün illərdir Səudiyyə Ərəbistanı və İsraillə danışıqlar aparır, lakin İsrailin Qəzza zolağındakı əməliyyatı krallığı bu məsələ ilə bağlı müzakirələri təxirə salmağa məcbur edib. Ötən il aprelin 29-da ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken demişdi ki, normallaşma üçün əsas şərtlər Qəzza zolağında münaqişənin həlli və Fələstin dövlətinin yaradılması qərarının həyata keçirilməsi olaraq qalır.
Ər-Riyad həmçinin Vaşinqtonla müdafiə paktı üzrə danışıqlar aparır. Ehtimal edilirdi ki, Səudiyyə Ərəbistanı ABŞ-dən təhlükəsizlik zəmanəti almaqla İsraillə tam münasibətlər qura bilər. Mümkün alternativ kimi Vaşinqton Ər-Riyada “NATO-dan kənar əsas müttəfiq” statusu təklif etməyə və ya ABŞ və Bəhreyn arasında imzalanmış sazişə bənzər pakt bağlamağa hazır idi və bu saziş çərçivəsində ölkələr hərbi sahədə əməkdaşlıq etməyə razılaşdılar. Bundan əlavə, sazişə Səudiyyənin nüvə proqramının inkişafında Amerikanın yardımı da daxil ola bilər.
Turan İSMAYIL