Türkiyədə ilin ilk 4 ayında yol qəzaları 684 nəfərin həyatına son qoydu

 15:17 09.05.2025     95

Türkiyədə 2025-ci ilin yanvar-aprel aylarında baş verən 199 min 905 yol-nəqliyyat hadisəsində 684 nəfər hadisə yerində həyatını itirib, 111 min 928 nəfər isə yaralanıb. Qəzaların əsas səbəbi sürücü səhvləri olub.

Redaktor.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi Polis Baş İdarəsinin Nəqliyyat İdarəsi tərəfindən yayımlanan "Aprel 2025 Yol Qəzaları Statistik Bülleteni"nə əsasən, qeyd olunan müddətdə 581 ölüm, 78 min 297 yaralanma, 121 min 27 maddi ziyanla nəticələnən qəza qeydə alınıb.

Təkcə aprel ayında ölkə üzrə 51 min 591 qəza baş verib. Onlardan 170-i ölüm, 21 min 735-i yaralanma, 29 min 686-sı isə maddi ziyanla nəticələnib. Apreldə hadisə yerində 205 nəfər həyatını itirib. Ölənlərin 77-si yaşayış məntəqələrində, 128-i isə kənar ərazilərdə baş verən qəzaların qurbanı olub. Aprel ayı ərzində 31 min 239 nəfər yaralanıb. Bu yaralanmaların 25 min 709-u şəhər daxilində, 5 min 530-u isə şəhər kənarında qeydə alınıb.

Kənan YUSİF