“Huzur İstanbul” əməliyyatında 982 nəfər SAXLANILDI

 15:22 09.05.2025     96

Türkiyənin İstanbul şəhərində asayişin təmin olunması və cinayət hallarının qarşısının alınması məqsədilə həyata keçirilən “Huzur İstanbul” adlı genişmiqyaslı əməliyyat zamanı ümumilikdə 982 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, 8 may tarixində keçirilən əməliyyat iki mərhələdə baş tutub. Birinci mərhələdə 20:00-dan 22:00-a qədər 215 sabit nöqtədə 1471 polis əməkdaşı, 1 polis helikopteri və 5 dəniz polisi botu ilə nəzarət tədbirləri həyata keçirilib.

İkinci mərhələdə isə 1390 polis əməkdaşı tərəfindən 22:00-dan 23:59-a qədər ictimai yerlərdə yoxlamalar aparılıb.

Əməliyyat çərçivəsində 325 min 136 nəfər barəsində GBT (Ümumi Məlumat Toplama) yoxlaması aparılıb. Müxtəlif cinayətlərə görə axtarışda olan 539 nəfər də daxil olmaqla, ümumilikdə 982 nəfər saxlanılıb.

Kənan YUSİF