"Rusiya-Ukrayna arasında növbəti danışıqlarda müsbət irəliləyişlər mümkündür"

 09:42 12.05.2025     132

"Səudiyyə Ərəbistanında ABŞ -Rusiya danışıqları nəticəsiz başa çatmasi, V. Putinin 30 günlük atəşkəsdən imtina etməsi, ABŞ və Avropa ittifaqının yenidən bir araya gəlməsinə səbəb oldu. Bu danışıqlardan sonra, D.Tramp V. Putinin manipulyasiya etdiyini və atəşkəsdə maraqli olmadığını bəyan edərək, vasitəçiliydən imtina etdi. Ukrayna prezidenti Volodimir Zelenski isə Donald Trampın atəşkəs təklifini qəbul etdi".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, çıxışına daha sonra belə davam edib:

"ABŞ və Rusiya arasında danışıqların fiaskosundan sonra, ABŞ və Ukrayna arasında "mineral ehtiyatlarla bağlı sazişin bağlanması" Moskvanı dilemma qarşısında qoydu. Ötən həftə Böyük Britaniya, Almaniya, Fransa və ə Polşanın liderlərinin Kiyevə səfər etməsi Avropa İttifaqının fikir ayrılıqlarını kənara qoyub, birləşdiyini göstərdi. Avropa liderlərinin səfərindən dərhal sonra,  Putin mayın 15-dən başlayaraq danışıqlara hazır olduğunu bəyan etdi. Bu, Qərbin qarşısında geri çəkilmək və Ukraynanı fakt qarşısında qoymaq idi. Amma, Putin atəskəs edilmədən danışıqları təklif etməsi, Kremlin danışıqlarda Qərbin qarşısında geri çəkilmədiyini mesajını verir. Amma, Avropa dövlətləri atəşkəs fonunda danışıqlara çağırıb. Tramp Putinin təklifi ilə razılaşıb. Zelenski də bu təklifə etiraz etmir. Çünki, birinci İstanbul danışıqları döyüş əməliyyatları fonunda keçirilmişdir.

Putin Türkiyənin vasitəçiliyi ilə İstanbul danışıqlarını davam etdirməklə, ABŞ və Avropa ölkələrini kənarda tutmağa çalışır. Ukrayna prezidenti Zeleski mayın 15 də Türkiyədə Putini şəxsən gözləcəyini bəyan etməsi, Kremli çətin vəziyyətə salıb. Bu, Ukraynanın ikitərəfli danışıqlara hazır olduğunu göstərir. Təbii ki, Putin şəxsən danışıqlara qatılmayacaq.

Türkiyədə danışıqlar prosesində Rusiya Ukraynaya hərbi yardımlar edilməməsini şərtini irəli sürə bilər. İkinci, yenidən İstanbul razılaşmasi üzrə danışıqları davam etdirilməsini təklifini qaldıracaq. 2022-ci ilin aprelində İstanbul razılaşmasını hər iki tərəf qəbul edərək, paraflanıb.

Növbəti İstanbul danışıqlarına Ukrayna zəif tərəf kimi deyil, güclü tərəf kimi qatılır. Ona görə də danışıqlar çətin və Kremlin diktəsi ilə deyil, qarşılıq təkliflər şəkilində davam edəcək. Birinci İstanbul danışıqlarında paraflanmış razılaşmaların bir neçə bəndini Ukrayna qəbul etməyəcək. Rusiya İstanbul razılaşmasını ona görə yenidən danışıqlar masasına gətirir ki, Avropa ölkələri razı olmasın. ABŞ Avropa ölkələri arasında yenidən dərin siyasi böhran yaratsın.

Ukrayna real olaraq danışıqlar və atəşkəsdə maraqlıdır. Ukraynaya ABŞ və Avropa ölkələri ciddi hərbi yardımları artırsa, cəbhə xəttində Rusiya qoşunlarına zərbə vurarsa, Kreml atəşkəsə gedəcək. Türkiyənin ev sahibliyi edəcəyi danışıqlar yeni mərhələnin başlanğıcıdır. Rusiya tərəfi atəşkəsə tələsmir. Buna baxmayaraq müsbət irəliləyişlər mümkündür".

Vasif ƏLİHÜSEYN