Qətər ABŞ ilə Suriyaya qarşı sanksiyaların ləğvi barədə razılığa gəlmək niyyətindədir

 23:38 12.05.2025     101

Qətər ABŞ Prezidenti Donald Trampın Dohaya səfəri çərçivəsində Suriyanın keçid hökumətinə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması məsələsində Vaşinqtonla qarşılıqlı anlaşmaya nail olmaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinə müsahibəsində Qətərin baş naziri və xarici işlər naziri Muhəmməd bin Əbdülrəhman Al Tani bildirib.

"Bizim məqsədimiz ABŞ ilə Suriyanın yeni hökumətinə qarşı sanksiyaların götürülməsi məsələsində qarşılıqlı anlaşmaya nail olmaqdır", – deyə o, ABŞ Prezidentinin mayın 14- 15-də Dohaya planlaşdırılan səfəri ərəfəsində bildirib.

Qətər hökumət başçısı qeyd edib ki, Doha Dəməşqdəki yeni hakimiyyətdən "düzgün mesajlar" eşidir, lakin onların necə hərəkət edəcəkləri barədə hələlik çox şey məlum deyil. “Biz görürük ki, onların irəliləmək qabiliyyəti sanksiyalar rejimi ilə çox məhdudlaşdırılıb”, – o əlavə edib.

Qeyd edək ki, Tramp mayın 13-16-da baş tutacaq Yaxın Şərq səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-ni ziyarət edəcək.