Rusiya-Ukrayna danışıqlarında əsas mövzu ərazilər olacaq - Witkoff

 09:52 13.05.2025     108

ABŞ prezidentinin xüsusi elçisi Stiv Witkoff Rusiya və Ukrayna arasında mümkün danışıqlarda əsas müzakirə mövzularını açıqlayıb.

Redaktor.az bu barədə "Politico"ya istinadla məlumat verir.

Onun sözlərinə görə, danışıqlarda əsasən ərazi məsələləri, Zaporijjya Atom Elektrik Stansiyasının (AES) istismarı, Dnepr çayından istifadə və Ukraynanın Qara dənizə çıxışı ön planda olacaq.

“Düşünürəm ki, burada əsas məsələlər regionlar, atom elektrik stansiyası, ukraynalıların Dnepr çayından necə istifadə edib okeana çıxa bilmələridir”, – Witkoff Breitbart-a müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, əgər tərəflər birbaşa dialoqa girsələr, bu məsələlərin həlli çətin olmayacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Prezidenti Donald Tramp mayın 15-də mümkün danışıqlar üçün İstanbula səfər etməyə icazə verdiyini açıqlamışdı. Tramp zarafatyana qeyd etmişdi: “Cümə axşamı harada olacağımı bilmirəm”.

Aytəkin TOFİQQIZI