ABŞ-dan İrana yeni SANKSİYALAR

 14:01 13.05.2025     121

ABŞ İranın nüvə tədqiqatları ilə əlaqəli şəxslərinə və təşkilatlarına qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti bununla bağlı açıqlama verib.

 Açıqlamada İranın Müdafiə Araşdırmaları və İnnovasiyaları Təşkilatının (SPND) nəzdində fəaliyyət göstərən bəzi şəxslər və təşkilatların sanksiya siyahısına salındığı bildirilib.

SPND-yə bağlı “Şəhid Kərimi Qrupu”nun rəhbəri Məhəmməd Rza Siddiqi Sabirin “nüvə partlayıcı qurğuların yaradılmasına yönəlmiş tədqiqat və sınaqları ehtiva edən layihələrə bağlı” olduğu bildirilən açıqlamada, nüvə alimi Əhməd Hakikat Telebin də elmi təcrübəsindən İranın nüvə tədqiqatı çərçivəsində istifadə etdiyi vurğulanıb.

Eyni qurumla uzun müddətdir əlaqələri olan başqa bir ad olan Məhəmməd Rza Mehdipurun "Şəhid Çamran Qrupu"nun rəhbəri olduğu və nüvə və partlayıcı maddələrin tədqiqatını dəstəklədiyi bildirilir.

Qeyd olunub ki, sanksiya siyahısına daxil edilən təşkilatlar arasında SPND-ə bağlı “Fuya Pars Prospective Technologists” (İdeal Vakuum) şirkəti də var.

Açıqlamada o da vurğulanıb ki, şirkət nüvə silahı araşdırma və inkişafında istifadə oluna biləcək avadanlıqları xarici təchizatçılardan almaq və yerli istehsal etmək üçün səy göstərir.

Sözügedən şəxslərin və təşkilatların “kütləvi qırğın silahlarının yayılmasına maddi töhfə verən və ya riski yaradan fəaliyyət və ya əməliyyatlarla məşğul olmaq və ya bu cür əməliyyatlara cəhd etmək” əsası ilə sanksiya siyahısına əlavə edildiyi açıqlanıb.

Bəyanatda bu addımın İranın nüvə silahı hazırlamaq səylərini məhdudlaşdırmaq məqsədi daşıdığı qeyd edilib.

Vasif ƏLİHÜSEYN