"Rusiya danışıqlara səlahiyyətsiz adamları göndərməklə vaxt qazanmağa çalışır"

 15:37 15.05.2025     133

"Ankarada Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpa olunması pozitiv məqam olsa da ilk mərhələdə ümidverici razılaşmaların olacağına inam demək olar ki, yoxdur. Rusiya nümayəndə heyətinin tərkibi, danışıqların başlanmasının bilavasitə ərəfəsində qarşılıqlı ittihamlar, xüsusən də Ukrayna prezidenti Volodimir Zelenskinin ünvanına Rusiya rəsmilərinin aşağılayıcı ifadələri bu nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Rusiya nümayəndə heyətinin tərkibinə daxil olan rəsmi şəxslərin heç biri öz sahəsinə aid hər hansı bir məsələyə, xüsusən də atəşkəs və sülh prosesi ilə əlaqədar məsələlərə dair müstəqil qərarlar qəbul etmək səlahiyyətində deyil".

Redaktor.az xəbər verir ki, bunu keçmiş millət vəkili Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, bu isə o deməkdir ki, həmin şəxslər yalnız texniki xarakterli məsələlərdən danışa bilərlər:

"Yəni birbaşa danışıqların bərpası haqqında Putinin bir neçə gün əvvəlki bəyanatları formal xarakter daşıyır. Yaxın Şərq turnesi çərçivəsində ABŞ prezidenti Trampın verdiyi dolaşıq və ikibaşlı açıqlamalar ABŞ ilə Rusiya arasında gizli danışıqlar getdiyini güman etmək üçün kifayət qədər əsas verən amil hesab oluna bilər. Danışıqların predmetinin təkcə Ukraynanın bölüşdürülməsi deyil, bütövlükdə dünyanın iki dövlətin təsir məkanlarına ayrılması təşkil edə bilər. Görünür bu proses hələ qəti şəkildə başa çatmadığından Rusiya danışıqlara səlahiyyətsiz adamları göndərməklə vaxt qazanmağa çalışır".

Vasif ƏLİHÜSEYN