“Starlink”in daha 26 internet peyki orbitə çıxarıldı

 21:14 16.05.2025     76

“Falcon 9” raket daşıyıcısı “Starlink” sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital qruplaşmasını artırmaq üçün 26 mini-peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə peyklərin istehsalçısı olan “SpaceX” şirkəti məlumat yayıb.

Məlumata görə, raket Bakı vaxtı ilə 17:43-də Kaliforniyadakı ABŞ Kosmik Qüvvələrinin Vandenberq Hərbi Hava Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər daşıyıcı aparatın ikinci hissəsindən ayrılaraq orbitə daxil olublar.

Qeyd olunur ki, ikinci dəfə istifadə edilən reaktiv daşıyıcının təkrar istifadə oluna bilən birinci hissəsi Sakit Okeandakı “Of Course I Still Love You” dəniz dron-platformasına idarə olunan şaquli eniş edib.

Əlavə edək ki, “SpaceX” şirkəti 2019-cu ilin may ayından etibarən “Starlink” layihəsi çərçivəsində 8,5 mindən çox belə peyk buraxıb. Onlardan bəziləri sıradan çıxıb və ya orbitdən çıxıb. Bununla belə, hazırda orbitdə 7,3 mindən çox cihaz işlək vəziyyətdədir.