Uranın zənginləşdirilməsinin dayandırılması qəbuledilməzdir - İran

İranın Xarici İşlər nazirinin müavini Kazım Qaribabadi, ABŞ ilə aparılan danışıqlarda ölkəsinin uranın zənginləşdirilməsi prosesini dayandırmaq tələbini qəbul etməyəcəyini və bunun İran üçün “qırmızı xətt” olduğunu bəyan edib.
Redaktor.az xəbər verir ki, İstanbulda nüvə sazişinin Avropa tərəfləri – Böyük Britaniya, Fransa və Almaniya ilə Xarici İşlər Nazirliyi səviyyəsində keçirilən görüşdə iştirak edən Qaribabadi, “X” sosial şəbəkəsində paylaşdığı mesajda deyib: “Zənginləşdirmə hüququ bizim qəti qırmızı xəttimizdir. Bu prosesin dayandırılması qəbuledilməzdir”.
O, İranın böyük bədəl ödəyərək əldə etdiyi nailiyyətlərdən heç vaxt imtina etməyəcəyini və bunu danışıqlar apardıqları ölkələrin də yaxşı bildiyini qeyd edib.
Kənan YUSİF